Allah keçmişdə yaşamış qövmlərə elçilər göndərmiş, onları axirət və haqq-hesab günü ilə məlumatlandırıb qorxutmuşdur. Ancaq bu qövmlərin bir çoxu Allahdan gələn xəbərdarlığı dinləməmiş, Allaha və elçilərinə itaətsizlik etmiş və dinlərini unutmuşlar. Bunun əvəzində Allah onlara xəbərdarlıq mahiyyətində müxtəlif bəlalar göndərmiş, bunlardan ibrət almayanları həlak etmişdir. Bu qövmlərin başına gələn bəlalar zahirən bir-birindən fərqlənsə də, əsas cəhəti insanların heç gözləmədiyi yerdən, gözlənilmədən, hətta çox vaxt yatdıqda gəlməsidir. Sözügedən bəlalar bəzən bütün şəhəri və ya qövmü məhv etmiş, o şəhərdən əsər qoymamış, insanlar üçün qorxunc əzab olmuşdur. Allah Quranın bir çox ayəsində məhv olmuş qövmləri bütün insanlara ibrət kimi vurğulayır:
Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və həmin nəsillərin bir daha onların yanına qayıtmadığını görmürlərmi? (Yasin surəsi, 31)
Quranda həmin bəlalar belə təsvir edilir:
- Suda boğulma (İsra surəsi, 103)
- Göydən şiddətli əzab (Bəqərə surəsi, 59)
- Dəhşətli sarsıntı (zəlzələ) (Əraf surəsi, 78)
- Sel fəlakəti (Qamər surəsi, 12)
- Qorxunc səs (Hud surəsi, 67)
- Odda bişmiş daş yağışı (Hud surəsi, 82)
- Uğultulu külək (Qamər surəsi 19)
- İldırım vurması (Zəriyət surəsi, 44)
- Yerin alt-üst olması... (Nəcm surəsi, 53)