Bu sualın cavabı bir ayədə açıq şəkildə verilmişdir:
Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs Taqutu inkar edib Allaha iman gətirsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir! (Bəqərə surəsi, 256)
Ayədə bildirildiyi kimi, insanı dinə uyğun yaşamağa məcbur etmək olmaz. Digər insanlara Allahın varlığını və Quran əxlaqını təbliğ etmək möminin vəzifəsidir. Bu öhdəliklərini yerinə yetirmək istəyən möminlər digər insanların hidayətinə vəsilə olmaq üçün dini təbliğ edir, lakin Allah hidayət vermək istəmədikdən sonra heç nə edə bilməyəcəklərini bilərək bundan sonrasını həmin insanın vicdanına həvalə edirlər. Çünki Allahın və axirətin varlığı açıq-aşkar ortadadır. Allahın çağırdığı doğru yol ilə şeytanın çağırdığı azğınlıq yolun arasındakı fərqi görmək çox asandır. Hansının daha gözəl və faydalı olduğunu hər insan öz vicdanı ilə anlaya bilər. Ona görə, Allahdan qorxan insanlar heç bir təzyiq və ya məcburiyyətə gərək qalmadan doğru yola tabe olurlar.
Allah Quranda inananların üzərinə düşən vəzifənin sadəcə doğru olanı təbliğ etmək olduğunu bir çox ayədə bildirmişdir:
Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, (bil ki), sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Allah qullarını görür. (Ali-İmran surəsi, 20)